Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gəlmiş missiyasının muxtar respublikada fəaliyyət göstərəcək müşahidəçiləri Filipo Ristoldo və Risto Hurme ilə görüşmüşdür.

Səmimi qəbula görə minnətdarlıq edən Filipo Ristoldo və Risto Hurme Novruz bayramı ərəfəsində muxtar respublikada olmaqdan məmnunluqlarını bildirmişlər. Müşahidəçilər seçki kampaniyasını və səsvermə prosesini yaxından izləyəcəklərini bildirmiş, fəaliyyət istiqamətləri barədə məlumat vermişlər.

Ali Məclisin Sədri muxtar respublikada seçki prosesinə hazırlıq işlərini diqqətə çatdırmış, beynəlxalq  müşahidəçilərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradıldığını qeyd etmişdir. Seçki müşahidələrinin qanunvericiliyin tələblərinə uyğun aparılacağına əminliyini bildirən Ali Məclisin Sədri qonaqlara fəaliyyətlərində uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti