Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı texnikaları gətirilib

Kənd təsərrüfatında mütərəqqi metodların tətbiqi, müasir texnika və texnoloji avadanlıqlardan istifadə mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə ardıcıl tədbirlər görülür, torpaq mülkiyyətçilərinin texnika ilə təminatı diqqətdə saxlanılır.

Martın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxmışdır.

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov məlumat vermişdir ki, cəmiyyətin fəaliyyəti dövründə muxtar respublikaya 2213 texnika və texnoloji avadanlıq alınıb gətirilmiş, onlardan 1808-i sahibkarlara satılmışdır. Lizinqə götürüləcək kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizi ödənildikdən sonra  dövlət  büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir ki, bu da kənd təsərrüfatının inkişafına öz  töhfəsini verməkdədir. Bundan başqa, 2016-cı ildən başlayaraq muxtar respublikada suvarma sistemlərinə də dövlət büdcəsi hesabına 40 faiz güzəşt tətbiq edilir. Əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatını ödəmək, eyni zamanda qaramalın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülmüşdür. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya 1927 baş damazlıq cins mal-qara gətirilərək satışı həyata keçirilmişdir. Arıçılıq təsərrüfatları üçün də ləvazimatların alınması diqqətdə saxlanılmış, arı pətəkləri və balsüzən maşınlar alınıb gətirilmişdir.

Texnikalara baxış zamanı bildirilmişdir ki, bu il 6 taxılsəpən, 15 kotan, 8 otbiçən, 4 çizel, 8 gübrəsəpən, 10 otdoğrayan maşın, 6 suvarma sistemi və digər texnoloji avadanlıqlar olmaqla, 59 texnika alınmışdır. Sərfəli şərtlərlə uzun müddətə lizinqə verilən kənd təsərrüfatı texnikaları yüksək keyfiyyət göstəricilərinə malikdir. Yeni texnika və avadanlıqlar əkin sahələrində, eləcə də təsərrüfat işlərində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verəcəkdir.

Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bitkiçilik və heyvandarlıq aptekinə, eləcə də ehtiyat hissələri və gübrə anbarlarına baxmışdır.

Qeyd olunmuşdur ki, bitkiçilik və heyvandarlıq aptekində kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir, izahat işləri aparılır. Cəmiyyətin anbarında kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri də vardır. Gübrə anbarında da tələbata uyğun ehtiyat yaradılmışdır.

Ali Məclisin Sədri sahibkarların tələbatına və sifarişinə uyğun texnika və gübrələrin alınıb gətirilməsi, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində və rayon bazalarında texnikaların ehtiyat hissələrinin, arıçılıq ləvazimatlarının və dərmanların satışının həyata keçirilməsi, kənd təsərrüfatında mütərəqqi metodlardan və texnikalardan istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti