Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir

Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov abidə önünə gül qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad etmişdir.

Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də abidə önünə gül qoymuşlar.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaradan ermənilər 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı da 200 il ərzində erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları soyqırımı siyasətinin davamı, tarixdə erməni qəddarlığının daha bir təzahürüdür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri, keçmiş Sovet ordusunun ermənilərdən ibarət 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçiləri Xocalı şəhərinə basqın edərək dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirdilər. Həmin gün erməni millətçiləri ağbirçək analara, ­ağsaqqallara, südəmər körpələrə aman vermədilər. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəldilmiş ən ağır cinayətdir. Soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar olmaqla 613 Xocalı sakini işgəncə ilə öldürüldü. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, 487 nəfər əlil oldu. 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü.

Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi nə idi? Niyə məhz Xocalı hədəf alınmışdı? Məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli məntəqəni zəbt etmək, amansız işgəncə metodları ilə Azərbaycan xalqının gözünü qorxutmaq idisə, digər tərəfdən bu ərazilərin Azərbaycan türklərinə məxsus olduğunu sübut edən qədim abidələri tarixdən birdəfəlik silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal olunandan dərhal sonra onun ətrafında Azərbaycan türklərinə məxsus tarixi abidələr, Xocalı-Gədəbəy mədəniyyətinin qalıqları, Son Tunc və Erkən Dəmir dövrü mədəniyyətinə aid Xocalı kurqanları, siklop tikililər, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı xüsusi texnika ilə dağıdılaraq məhv edilmişdir. Həmin dövrdə öz vətəndaşlarının təhlükəsizliyini və müdafiəsini təmin etməyə borclu olan hakimiyyət dairələri Xocalı soyqırımına biganə münasibət göstərmiş, onu xalqdan gizlətməyə çalışmışlar.

Xocalı soyqırımına ilk hüquqi-siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev vermiş, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə xüsusi bəyanatla Xocalı soyqırımını törədənləri ittiham etmişdir. Ümummilli liderimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur.

Dahi şəxsiyyət deyirdi: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyada tanıdılması,  erməni millətçiliyinin beynəlxalq miqyasda ifşası sahəsində məqsədyönlü və sistemli iş aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və dias­por qurumları bu sahədə birgə səmərəli fəaliyyət göstərirlər. Bu istiqamətdə görülən işlərin davam etdirilməsi və “Xocalıya ədalət” kampaniyasının beynəlxalq səviyyədə genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il fevralın 13-də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Xocalı həqiqətlərinin tanıdılması istiqamətində aparılan işin nəticəsidir ki, bu gün erməni faşizminin cinayətkar əməllərini beynəlxalq ictimaiyyət hiddətlə qarşılayır, dünyanın hər yerində Xocalı soyqırımına etiraz edənlərin sayı artır.

Dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləmişdir. 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv ölkələrin parlamentləri “Xocalıya ədalət” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir. Qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilmişdir. Dünyanın 15 aparıcı ölkəsinin parlamentləri Xocalı soyqırımını tanımışdır. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının 22 ştatının qanunverici orqanı da Xocalı faciəsinin soyqırımı kimi tanınması barədə qərar çıxarmışdır.

Fevralın 26-sı təkcə Azərbaycan xalqının faciə tarixi deyil. Bu, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün bərpası və erməni işğalına son qoyulması uğrunda mübarizə tariximizin də şanlı səhifəsidir. Bu gün hər birimiz Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edir, qürur hissi keçiririk. 2016-cı ilin aprel döyüşləri, ötən il Naxçıvanda keçirilən möhtəşəm hərbi parad, ölkəmizdəki “xalq-ordu” birliyinin sarsılmaz vəhdəti düşməndə qorxu yaradıb.

Ali Baş Komandanımızın hücum əmrini gözləyən qüdrətli ordumuz şəhidlərimizin qisasını alacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.

Həmin gün muxtar respublikanın rayonlarında da Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti