NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
Q A N U N U
İnsan orqan və toxumalarının
transplantasiyası haqqında
Bu Qanun Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 9-cu bəndinə uyğun olaraq müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və ya toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. insan orqan və ya toxumalarının transplantasiyası (bundan sonra – transplantasiya) - insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və ya toxumaların donorun və ya insan meyitinin orqan və ya toxumaları ilə əvəz edilməsi;
1.0.2. insan orqan və ya toxumaları - şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik struktur vahidi;
1.0.3. donor - öz orqan və və ya toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxs;
1.0.4. resipiyent - müalicə məqsədi ilə orqan və ya toxumalar köçürülən şəxs.
2.1. Ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və ya toxumalar transplantasiyanın obyekti ola bilərlər.
2.2. Bu Qanun reproduksiya vəzifələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və ya toxumalara, eləcə də qan və onun komponentlərinə şamil edilmir.
Maddə 3. Transplantasiya haqqında qanunvericilik
Transplantasiya haqqında Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
4.1. Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır.
4.2. Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5.1. Digər tibbi üsullarla və meyitdən götürülmüş orqan və ya toxumalar vasitəsi ilə insan həyatının saxlanması və ya sağlamlığının bərpası mümkün olmadıqda, resipiyentə donordan orqan və ya toxumaların transplantasiyasına yol verilir.
5.2. Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsi qadağandır.
5.3. Donorun ölümünə mütləq səbəb ola bilən və ya sağlamlığına təhlükə törədən orqan və ya toxumaların götürülməsi qadağandır.
5.4. Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və ya toxumaların götürülməsi qadağandır.
5.5. Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsi yolverilməzdir.
5.6. Donordan orqan və ya toxumaların götürülməsi mütəxəssis-həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir.
5.7. Hər hansı şəxsi orqan və ya toxumaların götürülməsinə məcbur edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 6. Orqan və ya toxumaların götürülməsini, hazırlanmasını (konservasiyasını) və saxlanılmasını həyata keçirən tibb müəssisələri
6.1. Orqan və ya toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanılması yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır.
6.2. Orqan və ya toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Transplantasiyanın zəruriliyi barədə tibbi qərar müvafiq tibb müəssisəsində müalicə həkimi, cərrah, anestezioloq və zərurət olduqda digər mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qəbul edilir.
8.1. Transplantasiya yalnız resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı gözlənilən ağırlaşmalar haqqında ona məlumat verilir.
8.2. Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir.
8.3. Resipiyentin həyatı təhlükədə olarsa, istisna hal kimi onun özünün, valideynlərinin və qanuni nümayəndəsinin razılığı alınmaya bilər.
2-ci fəsil
TRANSPLANTASİYA MƏQSƏDİ İLƏ MEYİTDƏN ORQAN VƏ YA TOXUMALARIN GÖTÜRÜLMƏSİ
9.1. Şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədi ilə onun orqan və ya toxumalarından istifadə oluna bilər.
9.2. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və ya toxumalarının götürülməsinə yol verilir.
10.1. Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsi yalnız mütəxəssis-həkimlərdən ibarət konsilium tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını (“beyin ölümünü”) təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər.
4
10.2. Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən digər maraqlı şəxslərin iştirakı qadağandır.
11.1. Meyitdən transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsinə bu Qanunun 9-cu və 10-cu maddələrinin tələbləri əsasında icazə verilir.
11.2. Meyitin məhkəmə-tibb ekspertizası zəruridirsə, məhkəmə-tibb eksperti meyitdən orqan və ya toxumaların götürülməsinə icazə verməyə bilər.
3-cü fəsil
TRANSPLANTASİYA MƏQSƏDİ İLƏ DONORDAN ORQAN VƏ YA TOXUMALARIN GÖTÜRÜLMƏSİ
12.0. Donordan orqan və ya toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:
12.0.1. donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti, mümkün psixoloji və sosial nəticələri barədə məlumatlandırılmalıdır;
12.0.2. donor kənar təsirlər olmadan orqan və ya toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir;
12.0.3. donorun hərtərəfli tibbi müayinədən keçməsi və mütəxəssis-həkimlər tərəfindən ondan orqan və ya toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır;
12.0.4. orqan və ya toxumalarının götürülməsi nəzərdə tutulan donorun resipiyentlə genetik uyarlığı müəyyən olunmalıdır.
13.1. Donorun hüquqları aşağıdakılardır:
13.1.1. orqan və ya toxumaların götürülməsi nəzərdə tutulan tibb müəssisəsindən planlaşdırılan tibbi əməliyyata bağlı gözlənilən ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq;
13.1.2. bu əməliyyatla bağlı tibb müəssisələrində pulsuz müalicə və reabilitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq;
5
13.1.3. donorluqla əlaqədar əlil və ya sağlamlıq imkanları məhdud olarsa, qanunvericiliyə uyğun olaraq pensiya almaq.
13.2. Orqan və ya toxumalarının köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.
Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və ya toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozğunluqlar yaranmasın.
4-cü fəsil
TİBB MÜƏSİSƏLƏRİNİN VƏ TİBB İŞÇİLƏRİNİN MƏSULİYYƏTİ
15.1. Donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağandır.
15.2. Bu məlumatları yayan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
16.1. Transplantasiyaya aid məlumatlandırmaya tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında, tibb işçiləri və əczaçılar üçün keçirilən yığıncaqlarda yol verilir.
16.2. Elmi, statistik və xəbər xarakterli məlumat verilməsi halları istisna olmaqla, orqan və ya toxuma götürülməsi və transplantasiyası ilə bağlı reklam qadağandır.
17.1. İnsan orqan və ya toxumaları alqı-satqı obyekti ola bilməz. Onların alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
17.2. Qanunun bu müddəaları toxuma komponentlərindən hazırlanmış köçürmə materiallarına və preparatlara şamil edilmir.
Transplantasiya zamanı orqan və ya toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanılması qaydaları pozularsa, bununla əlaqədar donorun və resipiyentin sağlamlığına zərər vurularsa, müvafiq tibb müəssisəsi qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 07 yanvar 2017-ci il
№ 7 - V QN