NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin
120 illik yubileyinin keçirilməsi haqqında
2015-ci il martın 28-də Azərbaycan ədəbiyyatının və elminin inkişafında böyük xidmətləri olan Əziz Şərifin (Əziz Qurbanəli oğlu Şərifzadə) anadan olmasının 120 illiyi tamam olur.
1895-ci ildə Naxçıvan şəhərində anadan olan Əziz Şərif ilk təhsilini görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin “Tərbiyə” məktəbində, sonra isə Tiflis gimnaziyasında almışdır. 1943-cü ildə M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirən Əziz Şərif 1950-1961-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda işləmiş, 1962-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, 1960-1964-cü illərdə isə həmin universitetdə kafedra müdiri olmuşdur.
Tiflisdə oxuduğu dövrlərdə Cəlil Məmmədquluzadə və digər “Molla Nəsrəddin”çilərlə tanışlığı Əziz Şərifin elmi və ədəbi fəaliyyətində mühüm rol oynamışdır. Təsadüfi deyil ki, o, ilk ədəbi fəaliyyətinə də 1906-cı ildə “Molla Nəsrəddin” jurnalında başlamış və burada “Naxçıvandan məktublar” məqaləsini dərc etdirmişdir.
Maraqlı həyat və zəngin yaradıcılıq yolu keçən Əziz Şərif ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində səmərəli fəaliyyət göstərmiş, XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının az tədqiq olunan ədəbi səxsiyyətləri haqqında qiymətli əsərlər yazmışdır. Çoxlu məqalələrin, elmi əsərlərin, tənqidi-bioqrafik oçerk və monoqrafiyaların müəllifi olan Əziz Şərifin elmi fəaliyyəti və axtarışları nəticəsində Azərbaycanın görkəmli yazıçılarının bir sıra əsərləri, XIX-XX əsrlərə dair çoxsaylı məktublar, sənəd və fotoşəkillər, qiymətli əlyazma materialları aşkarlanaraq elmi və ədəbi mühitə təqdim edilmişdir.
2
Müasir Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı olan Əziz Şərif bədii tərcümə və publisistika sahəsində də səmərəli fəaliyyət göstərmiş, Azərbaycan klassik yazıçı və mütəfəkkirlərinin əsərlərini rus dilinə tərcümə etmişdir.
XX əsrdə elmi-ədəbi fikrin inkişafında böyük xidmətləri olan Əziz Şərif “Molla Nəsrəddin” məktəbindən aldığı ideyaları ədəbiyyatda, elmdə və ictimai mühitdə gerçəkləşdirməklə Azərbaycan ədəbiyyatşünaslığının möhkəm bünövrəsini yaratmışdır. O, xalqımızın milli-mədəni irsinin fədakar təbliğatçısı olmuş, sağlığında pedaqoq və elm xadimi kimi şöhrət qazanmışdır.
Xalqımızın böyük ziyalısı Əziz Şərifin Azərbaycan ədəbiyyatının və elminin inkişafındakı xidmətlərini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilsin.
2.“Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 26 yanvar 2015-ci il
№ 272-04/S
Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin 2015-ci il 26 yanvar
tarixli 272-04/S nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir
Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin
120 illik yubileyinin keçirilməsi ilə əlaqədar
T Ə D B İ R L Ə R P L A N I
№ |
Tədbirin adı |
İcra müddəti |
İcraya məsul təşkilatlar |
1. |
Əziz Şərifin anadan olmasının 120 illiyi ilə əlaqədar yubiley tədbirinin keçirilməsi |
2015-ci il |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
|
2. |
Əziz Şərifin həyat və yaradıcılığına həsr olunmuş elmi konfransın keçirilməsi |
Mart, 2015-ci il |
AMEA-nın Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, “Naxçıvan” Universiteti |
3. |
Təhsil və mədəniyyət müəssisələrində Əziz Şərifin həyat və fəaliyyətini əks etdirən guşələrin yaradılması və oxucu konfranslarının təşkil olunması |
İl ərzində |
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi |
4. |
“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsinin Əziz Şərifin 120 illik yubileyinə həsr olunması |
2015-ci il |
AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti |
5. |
“Əziz Şərif: taleyi və sənəti” məqalələr toplusunun nəşrə hazırlanması |
2015-ci il |
AMEA-nın Naxçıvan Bölməsi |
6. |
Əziz Şərifin 120 illiyi ilə bağlı poçt markasının buraxılması |
2015-ci il |
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi |
7. |
Əziz Şərifin adını daşıyan küçənin və Naxçıvan şəhərindəki məzarının abadlaşdırılması |
2015-ci il |
Naxçıvan Şəhər İcra Hakimiyyəti |
8. |
Əziz Şərifin həyatına, ədəbi yaradıcılığına və elmi fəaliyyətinə həsr olunmuş tematik verilişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması |
İl ərzində |
Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələri |